DÜNYA


BMT-nin xüsusi məruzəçisi Kaşıkçı cinayəti ilə bağlı rəyini açıqlayıb

Bakı, 8 fevral, AZƏRTAC

BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard yanvarın 28-dən fevralın 3-dək İstanbula səfərindən sonra Səudiyyə Ərəbistanı jurnalisti Cemal Kaşıkçının öldürülməsi ilə bağlı hazırladığı hesabat haqqında açıqlama verib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, A.Kallamard keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyədə topladığı dəlillər göstərir ki, dissident və jurnalist “Səudiyyə Ərəbistanının dövlət rəsmiləri tərəfindən hazırlanmış vəhşi və əvvəlcədən təşkil edilmiş cinayətin qurbanı olub”.

Təşkilatın xüsusi məruzəçisi daha sonra deyib: “Bu cinayət bütün beynəlxalq təşkilatları, o cümlədən BMT-nin diqqət mərkəzində olmalıdır”. Onun sözlərinə görə, Türkiyənin istintaq orqanlarının təqdim etdikləri peşəkar səviyyədə hazırlanmış dəlillər –audio və videomateriallar göstərir ki, jurnalistin qatilləri həm beynəlxalq hüquq, həm də beynəlxalq münasibətlər normalarını kobud şəkildə pozaraq ağır cinayət törədiblər. “Beynəlxalq ictimaiyyət bu cür hallara qarşı qətiyyətlə mübarizə aparmalıdır. Mən Türkiyə rəsmilərinə göstərilən kömək üçün təşəkkür edirəm. Hesabatı bütün detalları ilə tamamladıqdan sonra təqdim edəcəyəm”, -deyə xüsusi məruzəçi vurğulayıb.

Xatırladaq ki, bu beynəlxalq təhqiqat Kallamardın təşəbbüsü ilə BMT-nin xüsusi məruzəçisinin mandatına uyğun olaraq aparılıb. Böyük Britaniyalı hüquqşünas, baronessa Helena Kennedi və Portuqaliyanın Koimbr Universitetinin professoru Duarte Nuno Vieyra da təhqiqatda iştirak ediblər. Onlar jurnalistin qətli ilə bağlı geniş araşdırma aparıb və hökumətlərin bu cinayətin açılması ilə bağlı atdığı addımları, həmçinin dövlətlərin və ya ayrı-ayrı şəxslərin bu qətldə əli olub-olmamasını təhlil ediblər. Aqnes Kallamard İstanbulda Türkiyənin yüksəkvəzifəli şəxsləri ilə də görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.