DÜNYA
BMT ötən il dünyada qaçqınların sayının 4 faiz artdığını bildirib
Bakı, 18 iyun, AZƏRTAC
2020-ci il ərzində dünyada müharibə, zorakılıq, təbii fəlakətlər, təqiblər və insan haqlarının pozulması səbəbindən öz evlərini tərk edən insanların sayı 4 faiz artaraq təxminən 82,4 milyon nəfərə çatıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının Cenevrədə dərc olunan məruzəsində deyilir.
“Hamımızın təcrid olunduğu ildə, dörd divar arasında qaldığımız dövrdə insanların evlərini tərk etməsi çox şeydən xəbər verir. Seçim imkanları olmadığı üçün təxminən 3 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb”, - deyə BMT-nin Qaçqınların işləri üzrə Ali komissarı Filippo Qrandi bildirib.
Qurumun məlumatına görə, hazırda dünyada məcburi köçkünlərin ümumi sayı 82 milyon nəfərdən çoxdur. Bunun 34,4 milyonu sığınacaq tapmaq üçün ölkələrini tərk edənlər, 48 milyonu isə öz ölkələrində evsiz qalanlardır. Artıq ardıcıl olaraq doqquzuncu ildir ki, dünyada qaçqın və məcburi köçkünlərin sayı artmağa davam edir.
Bəyanatda, həmçinin COVID-19 səbəbindən sərhədlərini bağlayan 160 ölkədən 99-nun bu məsələdə qaçqınları istisna etmədiyi qeyd olunub. Həmin qaçqınların çoxu sərhədlər açılan kimi ölkələrini tərk etməyə çalışacaq.