İQTİSADİYYAT
BTC KƏMƏRİ İLƏ NƏQL OLUNAN XAM NEFT İSRAİL ƏRAZİSİNDƏN UZAQ ŞƏRQƏ GÖNDƏRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin BOTAŞ şirkətinin xarici əlaqələr departamentinin müdiri İsmayıl Çapanoğlu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan xam neftin İsrail ərazisindən Uzaq Şərq ölkələrinə göndərilməsinə dair danışıqlar aparıldığını bildirmişdir.
BOTAŞ rəsmisi qeyd etmişdir ki, hazırda, dünyada enerji daşıyıcılarına ehtiyacın kəskin şəkildə artdığı bir zamanda, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının əhəmiyyəti daha ön plana çıxır. BTC kəməri və İran-Türkiyə neft kəməri sistemi tam gücü ilə işlədikdən sonra Aralıq dənizinə ildə 120-130 milyon ton xam neft çatdırılacaqdır. Bu rəqəm 2020-ci ildə 200 milyon tona yüksələ bilər. Heydər Əliyev adına Ceyhan terminalında inşa ediləcək neftayırma zavodları isə dünyanın müxtəlif ölkələrinə xam neftlə yanaşı, hazır neft məhsullarının da ixrac olunmasına imkan verəcəkdir.
İsmayıl Çapanoğlu əlavə etmişdir ki, 2020-ci ildə Avropaya Türkiyə ərazisindən 100 milyard kubmetr təbii qaz nəql olunacaq və beləliklə, Avropa İttifaqı ölkələrinin mavi yanacağa olan ehtiyacının 15 faizi Azərbaycan və Mərkəzi Asiya qazı hesabına ödəniləcəkdir.