İQTİSADİYYAT
Badamdar qəsəbəsində uzunluğu 7,8 kilometr olan küçə və yollarda təmir işləri yekunlaşıb VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
2020-ci ilin investisiya proqramına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsi üzrə 1, 2 və 3-cü yaşayış massivlərində uzunluğu 7,8 kilometr olan küçə və yollarda təmir işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb. Proqrama uyğun olaraq, təmir işləri Badamdar qəsəbəsinin 1-ci yaşayış massivində ümumi uzunluğu 2,9 kilometr olan Vaqif Mustafazadə, Cənub, Mirzə Şəfi Vazeh və Natəvan küçələri, həmçinin Qəbiristanlıq yolunda, 2-ci yaşayış massivində ümumi uzunluğu 2,4 kilometr olan Bağlar döngəsi, 2 və 9-cu döngələr, həmçinin 4,5 və 11-ci küçələr, 3-cü yaşayış massivində isə ümumi uzunluğu 2,5 kilometr olan 26, 28, 30, 32 və 33-cü küçələrdə də yekunlaşıb.
Küçələr boyu zəruri yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib. Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Səbail rayonunda ümumi uzunluğu 6 kilometr olan 7 küçədə təmir işləri həyata keçirilib.