MƏDƏNİYYƏT
Bakı Dövlət Sirki şəhid və qazi ailələrinin övladları üçün şou proqramla çıxış edəcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Balaca sirksevərlər payız fəslinin gəlməsi ilə rəngarəng və dolğun proqramlı sirk mövsümünün açılışını səbirsizliklə gözləyir. Bunu nəzərə alan Bakı Dövlət Sirki seyrçilərini təəccübləndirmək üçün yeniliklər etməyə, dünyada məşhur sirk proqramlarının qastrol siyahısına paytaxtımızı da daxil etməyə çalışır. Bu dəfə də Bakı Dövlət Sirki yeni mövsümdə “Beynəlxalq sirk: festival qalibləri” adlı proqramı təqdim edəcək.
Sirkin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-dən noyabrın 27-dək nümayiş olunacaq şou proqramda pəhləvanların, jonqlyor, illüzionist, akrobat və rəqs nömrələrini göstərən artistlərin çıxışı olacaq. Oktyabrın 12-də isə şəhid və qazi ailələri üçün xüsusi nümayiş nəzərdə tutulub. “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı proqramda iştirak etmək istəyən şəhid və qazi ailələri Bakı Dövlət Sirkinin bütün resursları üzərindən əlaqə saxlaya bilərlər.