ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin əməkdaşı pandemiya dövründə beynəlxalq virtual tədbirlərdə iştirak edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Məhərrəmova pandemiya dövründə təşkil edilmiş bir sıra beynəlxalq səviyyəli virtual konfranslarda və təlimlərdə iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, A.Məhərrəmova Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən təşkil olunmuş “İllik Kembric günü konfransı. İngilis dilinin tədrisində Kembric ixtisaslaşdırılması. Azərbaycan” və Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun keçirdiyi “Akademik yazı və elmi hakimlik seminarı” adlı virtual təlimlərə qatılaraq sertifikat alıb.
Eyni zamanda, alim onlayn şəkildə təşkil olunan müxtəlif beynəlxalq elmi konfranslarda “Qloballaşma şəraitində milli dillər”, “Poetik dildə frazeoloji birləşmələrin aktuallaşması” mövzularında məruzələrlə çıxış edib.
Qeyd edək ki, A.Məhərrəmova sentyabrın 23-dən 25-dək Macarıstanda keçiriləcək “VII. Atlas beynəlxalq sosial elmlər konqresi”nin akademik heyətinə üzv seçilib.