ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin ənənəvi dərslərə gələn tələbələri: hamını xoş gördük

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura pillələrində praktiki məşğələlər tələb olunan ixtisaslarda təhsil alan tələbələr müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda və onların fiziki iştirakını tələb edən fənlər üzrə ənənəvi formatda tədris prosesinə cəlb olunub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, 2020-2021-ci tədris ilinin II semestrində universitetdə zəruri avadanlıqlarla təchiz olunmuş tədris laboratoriyalarında karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla tələbələr dərslərdə iştirak edirlər.

Kimya fakültəsinin II kurs tələbəsi Sevinc Həsənova: “Əyani təhsil üçün çox darıxmışdıq. Sevincimizin həddi-hüdudu yoxdur. Qismən də olsa ənənəvi qaydada məşğələlərə gəlmək hər birimizi sevindirir. Pandemiyanın tezliklə bitməsini elə arzulayırıq ki... Tələbə yoldaşlarımızı, əziz müəllimlərimizi yenidən bir arada görmək, onlarla canlı ünsiyyətdə olmaq inanılmaz bir hissdir. Nəzəri dərslərimiz onlayn davam edir. Distant dərslərə də həvəslə qoşuluruq”.

Biologiya fakültəsinin II kurs tələbəsi Elşən Əliyev: “Biokimya fənni üzrə məşğələlərimizin laboratoriyada keçirilməsi bərpa olundu. Laboratoriyada praktik iş görmək, sevimli müəllimlərimizlə, qrup yoldaşlarımızla birgə təcrübələr aparmaq çox sevindiricidir. Hələlik hər məşğələdə beş-altı tələbə oluruq, sosial məsafəni saxlamaq üçün təcrübələri növbə ilə aparırıq. Laboratoriyamızda bütün şərait yaradılsa da, hər yer dezinfeksiya edilsə də, yenə də otaqda az sayda tələbənin olması, sosial məsafənin gözlənilməsi ciddi şəkildə tələb edilir. Bütün bunlar sağlamlığımızın qorunması üçündür”.

Kimya fakültəsinin II kurs tələbəsi Vüsalə Feyzullayeva: “Ənənəvi formatda dərslərdə iştirak etmək digər tələbə yoldaşlarım kimi məni də sevindirir. Tədris indi həm onlayn, həm də qismən ənənəvi formatda davam edir. Cədvəllərimiz də növbəli dərs prinsipi əsasında qurulub. Məşğələ dərslərimizin xüsusi laboratoriyalarda aparılması üçün bütün şərait yaradılıb”.

Biologiya fakültəsinin II kurs tələbəsi Nərgiz Məmmədova: “Bir il ərzində onlayn dərslərimiz yaxşı səviyyədə keçirildi. Dərslərdə iştirak etdik. Biz nəzəri bilikləri elə öyrənmişik ki, indi təcrübi məşğələlərdə, demək olar ki, çətinlik çəkmirik. Laboratoriyada bizim üçün müvafiq şərait yaradılıb”.

Kimya fakültəsinin II kurs tələbəsi Daşqın Abdullayev: “Universitetdə sağlamlığımızın qorunması üçün lazımi tədbirlər görülüb. Xüsusi dezinfeksiyaedici tuneldən keçirik, avtomatik hərarətölçən cihazlar temperaturu göstərir, maska taxmayıbsansa sənə xəbərdarlıq edilir. Həyətdə, dəhlizlərdə maskanın düzgün taxılmasına, sosial məsafənin gözlənilməsinə ciddi riayət olunur. Hər yerdə COVID-19-la bağlı posterlər, göstəricilər vurulub.

Həkimlər müntəzəm olaraq bizimlə maraqlanır, özümüzü necə hiss etdiyimizi yoxlayırlar. Universitetimizin Psixoloji yardım sektorunun əməkdaşları da tez-tez əhval-ruhiyyəmizlə maraqlanır, bizə dəstək olmağa çalışırlar.

Yaradılan bu şəraitdə ən yüksək səviyyədə təhsil almaq, ixtisasımızı dərindən öyrənmək isə bizim borcumuzdur. Müəllimlərimiz də, tələbə yoldaşlarımız da sağ olsunlar. Hamını xoş gördük!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.