İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi daha bir layihənin icrasına başlayıb
Bakı, 12 iyul, Elvin Camalov, AZƏRTAC
Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağının altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, artıq Bakı Nəqliyyat Agentliyinin bununla bağlı hazırladığı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq.
Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan avtomobil sahibləri şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən, onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.