İQTİSADİYYAT
Bakı-Supsa kəmərindən neft oğurluğuna cəhd göstərmiş iki nəfər saxlanılıb
Bakı, 23 mart, AZƏRTAC
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft boru kəmərindən oğurluğa cəhd göstərmiş iki nəfəri saxlayıb. İstintaq sirri olduğu üçün onların adları və milliyyəti barədə ictimaiyyətə məlumat verilmir.
İstintaqla müəyyən olunub ki, onlar Kareli rayonunun Ruisi kəndində xüsusi texniki qurğu vasitəsilə yerin altından bir kilometr uzunluğunda boru kəməri çəkərək, həmin xətti Bakı-Supsa neft boru kəmərinə birləşdirmək istəyiblər. Bunun üçün magistral boru kəmərinə xüsusi açar qaynaq ediblər və Bakı-Supsa kəmərinə müəyyən qədər ziyan vurublar. Onların məqsədi Bakı-Supsa neft boru kəmərindən oğurladıqları nefti başqa məqsədlər üçün istifadə etmək olub. Cinayətkar dəstənin digər üzvləri axtarılır.
Qeyd edək ki, bir neçə gün əvvəl də Bakı-Supsa neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsində oğurluğa cəhd göstərilmişdi. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Bakı-Supsa magistralının bu ölkənin şərqində, Msxeta-Mtianeti regionunda Tsilkani və Muxrani kəndlərinin ərazisindən keçən hissəsində neft oğurlamaq üçün nəzərdə tutulmuş oyuq aşkar etmişdilər.
Polisin məlumatına görə, oyuq Bakı-Supsa əsas magistral kəmərindən əlavə boru ilə neft götürmək üçün qazılıb. Həmin ərazidə aşkar edilmiş generator, qaynaq aparatı, boru və digər avadanlıq maddi sübut kimi götürülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi