ELM VƏ TƏHSİL


Bakı məktəblərində 410 mindən çox şagird əyani dərslərə cəlb olunub

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-dən ümumi təhsil müəssisələrində I-IX siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 olmaqla əyani tədris təmin olunur. X-XI siniflərdə isə tədris distant formada davam edir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, sıxlığın idarə edilməsi məqsədilə siniflər üzrə şagird sayı epidemioloji vəziyyət nəzərə alınmaqla müəyyən olunur. Məktəblərdə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinif yarımqruplara bölünür.

Bakıdakı təhsil müəssisələrində ümumilikdə 410 mindən çox şagird əyani dərslərə cəlb olunub. Paytaxtdakı ümumi təhsil müəssisələrində də tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunur. Təhsil müəssisələrində mütəmadi olaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Məktəblərdə koronavirus infeksiyasına qarşı şagirdlərin və pedaqoji heyətin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlərin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.