İQTİSADİYYAT
Bakı metrosu MDB məkanında ən ucuz qiymətə sərnişindaşıma həyata keçirir VİDEO
Bakı, 31 iyul, AZƏRTAC
Bakı metrosu bütün hallarda MDB məkanında ən ucuz qiymətə sərnişindaşıma həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, avqustun 1-dən metroda sərnişindaşıma yeni tariflərlə həyata keçiriləcək. Belə ki, bir gedişin qiyməti Tarif Şurasının qərarı ilə 30 qəpik müəyyən olunub.
B.Məmmədov qeyd edib ki, “Bakı Metropolitenində sonuncu dəfə tarif dəyişikliyi 2011-ci ilin dekabrın 1-də olub. Həmin il noyabr ayının 24-də Tarif Şurasının verdiyi qərara əsasən qiymətlər 15 qəpikdən 20 qəpiyə dəyişdirilib. Həmin dövrdən bu zamana qədər metroda heç bir tarif dəyişikliyi baş verməyib. Metropoliten maliyyə məsələlərində obyektiv və şəffaf mövqe tutur, hər il öz maliyyə hesabatlarını dərc elətdirir, müvafiq səlahiyyətli strukturlar qarşısında hesabatlar, məlumatlar verir.
“Metroda bir sərnişin daşınmasının istismar xərcləri 47 qəpiyə bərabərdir. Hətta son tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik fərq olacaq. Qeyd edim ki, 47 qəpiklik istismar xərcinə metro stansiyaların, tunellərin inşası, yeni qatarların alınması, təmiri, modernləşdirilməsi, mövcud stansiyaların infrastrukturunun yenidən qurulması daxil deyil”, - deyə B.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat təşkil edir. Kiyevdə də bu yaxınlarda metroda sərnişindaşımanın qiyməti qalxıb. Bu isə, bizim hazırkı valyuta kursu ilə 47-50 qəpik arasında dəyişir. Bir sözlə MDB məkanına baxsaq yenə ən ucuz tariflər Bakıdadır. Rusiyaya nəzər salsaq görərik ki, bu ölkə metro sahəsi ilə bağlı böyük potensiala malikdir. Burada qatarların inşasından tutmuş metro ilə bağlı bir çox sahələr üzrə müəssisələr mövcuddur. Lakin buna baxmayaraq, Rusiyada da metroda gediş haqqı Bakıdakı qiymətlərdən daha yüksəkdir.