MƏDƏNİYYƏT
Bakı metrosu Milli Musiqi Gününü qeyd edir VİDEO
Bakı, 18 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün həm də dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Bu münasibətlə Bakı Metropolitenin stansiyalarında artıq ənənə halını alan musiqili proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Milli Musiqi Günü ilə bağlı metronun 4 stansiyasında Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının klassik və milli musiqi nömrələri səsləndiriləcək. Çalışacağıq ki, sərnişinlərimizə xoş əhvali-ruhiyyə bəxş edək.
N.Paşayev qeyd edib ki, konsert proqramı saat 12:00-13:30-da “İçərişəhər”, saat 13:00-14:30-da “28 May”, saat 14:00-15:30-da “Elmlər Akademiyası”, saat 15:00-16:30-da isə “Memar Əcəmi” metro stansiyasında (Bənövşəyi xətt) baş tutacaq.