CƏMİYYƏT
Bakı şəhəri Pirallahı rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb
Bakı, 27 mart, AZƏRTAC
Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, eləcə də koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq tapşırıqlarına əsasən profilaktik tədbirlərin görülməsi məqsədilə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində çoxmərtəbəli binaların girişi və ümumi istifadə olunan yerləri, eyni zamanda, həyət evlərinin həyətyanı sahələri benzal (20 afbpkbr), quru xlor, kreolin və deltathrin maddələrinin qarışığından alınmış dezinfeksiya məhlulu ilə dezinfeksiya işləri aparılıb.
Məlumatda deyilir: “Rayonumuzun qəsəbələrində dezinfeksiya işlərini aparan şəxslər lazımi texnika, ləvazimatlar, xüsusi geyimlər ilə təmin edilib və onlardan istifadə şərtlərinə ciddi əməl olunub. Qəsəbələrdə fəaliyyət göstərən ictimai-iaşə, kommersiya obyektləri və digər obyektlərdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində maarifləndirici materiallar yerləşdirilib.
Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 2020-ci il martın 24-ü saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai-iaşə obyektlərinin müəyyən edilmiş iş qrafikinə əməl olunmaları ilə bağlı monitorinqlərin aparılması və nəzarətdə saxlanılması tərəfimizdən təmin edilir. Rayon ərazisindəki parklar, küçələr daim təmiz saxlanılır və həftədə 3-4 dəfə təşkil edilmiş dezinfeksiya işləri barədə aidiyyəti üzrə məlumat verilir. Rayonun Neft Daşları qəsəbəsində xüsusi Qərargah yaradılıb. Qəsəbədə bütün yataqxanalar, parklar, yollar, ictimai-iaşə obyektləri dezinfeksiya olunur. Qəsəbə ərazisində fəaliyyət göstərən obyektlərin giriş və çıxışları hərarəti ölçən cihazlar və xüsusi məhlulla təmin olunub. Lazımi yerlərə maarifləndirici materialların yerləşdirilməsi ilə yanaşı, Qərargah tərəfindən işçilər arasında gündəlik maarifləndirmə işləri də aparılır.
Rayonun Çilov qəsəbəsinə giriş və çıxışa bir ay müddətinə məhdudiyyət qoyulub. Küçələrdə sanitariya qaydalarına əməl olunmaqla yanaşı dezinfeksiya işləri görülür.
Ümumilikdə 12919 sakinin yaşadığı Pirallahı və Gürgən qəsəbələrində yerləşən 432 bina və 1188 giriş qapıları koronavirus (COVID-19) virusunun yayılmasının qarşısının alınması məqsədilə tərəfimizdən dezinfeksiya işləri aparılıb.
Elan olunmuş karantin rejimi çərçivəsində yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq şərtlərinə əməl olunması istiqamətində rayonun Polis Şöbəsinin əməkdaşları tərəfindən maarifləndirmə işləri aparılır.
Qeyd edək ki, rayonumuzda koronavirus (COVID-19) virusuna bu günə qədər yoluxma faktı qeydə alınmayıb”.