CƏMİYYƏT
Bakı və Abşeron məktəblərində TOPs təlimlərinə yekun vurulub
Bakı, 18 iyun, AZƏRTAC
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 7-ci mövsümünün Bakı və Abşeron məktəbləri üzrə təlimləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, təlimlər Operativ Qərargahın tələblərinə uyğun formada, təhlükəsizlik tədbirlərinə riayət olunmaqla təşkil edilib.
Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
Bakı şəhərinin rayonları üzrə 57 məktəbdən 150, Abşeron rayonu üzrə isə 40 məktəbdən 129 fiziki tərbiyə müəllimi təlimlərə cəlb olunub.
Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün TOPs metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.
TOPs təlimlərində müəllimlərə metodiki tədris kartları da təqdim olunub. Bu kartlar milli fiziki tərbiyə kurrikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir. Tədris kartları ümumtəhsil məktəblərinin I – XI sinifləri üzrə tədris proqramlarının mövzuları üzrə tərtib edilib.
Təlimlərdə iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını dərslərində tətbiq etməklə bərabər, həm də dərsdənkənar fəaliyyətlər zamanı müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda fiziki inkişafla bərabər, həm də oyunlar vasitəsi ilə onların həmyaşıdları ilə daha çox sosiallaşmasına və liderlik bacarıqlarının inkişaf etdirilməsinə də imkan yaradacaq.
2020-2021-ci tədris ilində TOPs proqramı çərçivəsində Cəlilabad, Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarının bütün ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri də cəlb olunublar.
Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.