SİYASƏT


Bakıda Azərbaycan-İsveçrə siyasi məsləhətləşmələri keçirilib

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, İsveçrə tərəfindən isə bu ölkənin Federal Xarici İşlər Departamentinin dövlət katibinin müavini Kristina Marti Lanq rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib, əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə edib və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. İki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı sərmayələr, o cümlədən “Holcim”, “Stadler Rail Group” və digər İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilərək, əməkdaşlığın, xüsusən də iqtisadi sahədə daha da gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda fikir mübadiləsi aparılıb, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət müzakirə edilib. Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb, İsveçrənin münaqişə tərəfləri arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazır olması yüksək dəyərləndirilib.

Bundan əlavə, tərəflər, ölkəmizdə aparılan iqtisadi islahatlar, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrində, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsində İsveçrə şirkətlərinin iştirakı, Azərbaycan və İsveçrə arasında hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti, kənd təsərrüfatı, elm və təhsil sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.