İDMAN
Bakıda keçiriləcək arena polo üzrə Dünya Kuboku turnirində məşhur komandalar yarışacaq
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 15-17-də Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışı keçiriləcək. Yarış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə reallaşdırılan Milli Atçılıq Festivalı çərçivəsində təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 14-də yarışla bağlı keçirilən mətbuat konfransında məlumat verilib.
Tədbirdə Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi polonun vətəni sayılan Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu bildirib.
ARAF-ın baş katibi Bəhruz Nəbiyev və digərləri mətbuat konfransında çıxış edərək bildiriblər ki, festival çərçivəsində bir neçə tədbir, turnirlər artıq təşkil olunub və bu yarışlar uğurla keçirilib.
B.Nəbiyev Dünya Kuboku yarışının Azərbaycanın ev sahibliyi etdiyi altıncı polo turniri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dünyada polonun vətəni kimi tanınır. Son illər Azərbaycanın paytaxtında bir neçə polo turniri uğurla təşkil olunub, Bakıda Dünya Kuboku yarışları keçirilib. 2015-ci ildə Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına uğurla ev sahibliyi edib. O, federasiyanın dünya kubokunun yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlaşdığını vurğulayıb.
Arena polo üzrə Dünya Kuboku yarışı barədə məlumat verən Bəhruz Nəbiyev qeyd edib ki, turnirdə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klublar iştirak edəcək. Üç gün davam edəcək turnirdə, ümumilikdə, altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli poloçulardan ibarət “Elite Horse & Polo Club” komandası təmsil edəcək.
Turnirə iyunun 15-də “Elite Horse & Polo Club” və “Indian Polo & Riding Club New Delhi” komandaları arasında keçiriləcək oyunla start veriləcək. Həmin gün ikinci görüş isə “Polo Club Wicklow” və “Rhein Polo Club Düsseldorf” arasında oynanılacaq.
İyunun 16-da günün ilk oyununda “Rhein Polo Club Düsseldorf” və “Indian Polo & Riding Club New Delhi” komandaları yarışacaqlar. İkinci oyun isə “Elite Horse & Polo Club” və “Polo Club Wicklow” arasında təşkil ediləcək. Kubokun ikinci günü “Port Baku Scalini”də keçiriləcək dünya polo gecəsi ilə başa çatacaq.
İyunun 17-də keçiriləcək oyunlarda isə komandalar üçüncülük və final uğrunda mübarizə aparacaqlar. Arena polo üzrə VI Dünya Kuboku yarışına oyunlardan sonra keçiriləcək mükafatlandırma mərasimi ilə yekun vurulacaq.
Mətbuat konfransından sonra yarışda iştirak edəcək komandalar səhnəyə dəvət edilib və ictimaiyyətə təqdim olunub.