CƏMİYYƏT
Bakıda qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı mövzusunda konfrans keçirilib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, Azərbaycan Avropa Şurasının üzvü olduğu ötən illər ərzində insan hüquqları, demokratiya, vətəndaş cəmiyyəti, qanunun aliliyi sahələrində öhdəlikləri həyata keçirib. O qeyd edib ki, Avropa Şurasının Bakı ofisi Azərbaycan hökuməti ilə birgə fəaliyyət planı üzərində çalışıb. Fəaliyyət planını əhatə edən mövzular QHT haqqında qanunvericiliyin zənginləşdirilməsi, Avropa standartlarına uyğunlaşdırılması və vətəndaş cəmiyyətinin məsləhətləşmələrdə iştirakının təmin edilməsidir.
Avropa Şurası Demokratiya Baş Direktorluğunun demokratik idarəçilik departamentinin rəhbəri Daniel Popesku isə bildirib ki, təmsil etdiyi beynəlxalq qurum Azərbaycanda vətəndaş cəmiyyəti institutları arasında dialoqun qurulması işini aparıb və müsbət nəticələrə nail olub. O deyib ki, Avropa Şurası üzv ölkələrlə fəaliyyəti əməkdaşlıq üzərində qurmaqda maraqlıdır.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda qanunların qəbulunda vətəndaş cəmiyyətinin iştirakçılığı təmin olunur. Bir neçə il bundan əvvəl Milli Məclislə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Ötən müddətdə qanunvericiliyimizin təkmilləşməsində vətəndaş cəmiyyəti mühüm rol oynayıb. Bundan sonra da bu istiqamətdə daha mühüm addımlar atılacaq.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev vurğulayıb ki, Azərbaycanda qərarların qəbulunda vətəndaş iştirakçılığı Konstitusiyanın 54-cü maddəsinin birinci hissəsinin əsas tələbidir. Bu tələbi yerinə yetirmək üçün qəbul edilmiş qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında ictimai şuralar yaradılıb. Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi Əsasnaməyə əsasən vətəndaş qurumları bir araya gələrək nazirliklər yanında özünün qurumunu yaradır ki, qəbul edilən qərarların hazırlanmasında iştirak etsinlər.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin icrasında əsas məqsədin bu sahəni təkmilləşdirmək olduğunu vurğulayıb.
Sonra konfrans müzakirələrlə davam edib.