CƏMİYYƏT
Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda iki nəfər naməlum şəxs Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı 102 - Zəng Mərkəzinə müraciət daxil olub. Müraciət əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal Rayon Polis İdarəsi və 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan E.Paşayev gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.