CƏMİYYƏT


Bakıya yeni liftlər gətirilib

Bakı, 20 noyabr AZƏRTAC

Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə bağlı ötən il Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniyanın “Wittur Holding GMBH” şirkəti ilə müqavilə imzalanaraq alman istehsalı olan 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ötənilki işlərin davamı olaraq 2020-ci ildə də Bakı şəhərində yeni liftlərin quraşdırılması işləri davam etdirilir. Cari il üçün Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə “Wittur Holding GMBH” şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd liftin alınaraq Bakıya gətirilməsi nəzərdə tutulub.

Bir neçə gün əvvəl ilkin olaraq 240 ədəd yeni lift Bakı şəhərinə gətirilib. Xaricdən gətirilən liftlər və digər avadanlıq Bakıda tələb olunan gömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib. Yeni liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında, istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılacaq.

Əlavə olaraq, liftlərə operativ xidmətin göstərilməsi üçün 5 yeni avtonəqliyyat vasitəsi də alınıb.

KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verildi. Qeyd olundu ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. İşlər çərçivəsində köhnə liftlər demontaj edilir, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunur, otaqların üstünə ruberoid çəkilir.

Yeni liftlər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi mövcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.

Eyni zamanda, alınan liftlərə xidmət göstərilməsi üçün mərkəzi dispetçer xidməti sistemi qurulub, bura lazımi texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır. Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulacaq.

Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlifbası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kiloqram, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kiloqram və 0,71 metr/saniyə idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.