REGİONLAR
Balakən rayonunun Qazma kəndində uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Balakən, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun Qazma kəndindəki 2 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra yenidən balacaların istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə son illər rayonda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, ötən illərdə Balakəndə 5 yeni uşaq bağçası tikilib, daha 5 bağça əsaslı təmir olunub. Hazırda rayon mərkəzində və kəndlərdə 25 bağça fəaliyyət göstərir.
Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Yerli büdcə vəsaiti hesabına təmir olunan 35 yerlik iki qruplu uşaq bağçası zəruri inventar və avadanlıqla, həmçinin yumşaq yataq dəsti, otaq və mətbəx mebelləri ilə təmin olunub, həyəti abadlaşdırılıb.