REGİONLAR
Balakəndə fındıq istehsalı ötən illə müqayisədə 819 ton artıb
Balakən, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 6 min 205 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 819 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Belə ki, 2018-ci ilin yaz mövsümündə rayonda 700 hektar sahədə yeni fındıq bağları salınıb. Eyni zamanda, payız mövsümündə fındıq tinglərinin əkiləcəyi ərazilər müəyyənləşdirilib. Sahələr şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilib. Əkin kampaniyasına yaxın günlərdə başlanılacaq.
Turan Dibirovun sözlərinə görə, ümumiyyətlə, son üç ildə rayonda 3 min 968 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 9 min 634 hektara çatdırılıb. Ötən il Balakənin fındıq bağlarından 5 min 385,7 ton məhsul tədarük olunub. Rayon əhalisi fındıq satışından 14,5 milyon manat gəlir əldə edib. Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 2 manat 80 qəpik-3 manat arasında dəyişir. Bu qiymətlərlə 2018-ci ildə rayonun kənd əhalisinin fındıqçılıqdan gəlirlərinin 17-18 milyon manat olacağı proqnozlaşdırılır.