CƏMİYYƏT
Balakəndə narkotik maddələrin emal edildiyi qeyri-qanuni laboratoriya aşkarlanıb
Bakı, 24 may, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis şöbəsinə daxil olmuş məlumat əsasında Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalovun fərdi yaşayış evinə baxış keçirilib. Nəticədə həmin şəxsin evinin birinci mərtəbəsində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş istilikvermə cihazları, buxarlandırma sistemləri və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriya aşkarlanıb. Polis əməkdaşları tərəfindən oradan 57 kiloqram 345 qram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan iki tüfəng, altı ədəd patron, optik-gecəgörmə qurğusu, 1 ədəd soyuq silah hesab edilən beşbarmaq tipli bıçaq tapılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq evin həyətyanı sahəsinə əlavə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə əkilərək aqrotexniki qaydada qulluq edilən 40 ədəd, laboratoriyadan isə 95 ədəd çətənə bitkisinin kolları müəyyənləşdirilərək götürülüb. Narkotik vasitələr və silahlar müvafiq protokol tərtib olunaraq müsadirə olunub və maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində əməliyyat və istintaq tədbirləri davam etdirilir.