CƏMİYYƏT
Balıqların kütləvi şəkildə məhv edilməsinin qarşısı alınıb VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerlik, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İdarənin brakonyerliyə qarşı mübarizə bölməsinin ərazi qurumlarının əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Şəmkir və Mingəçevir ərazisində qanunsuz ov edən və elektrik avadanlığından istifadə etməklə balıqların kütləvi şəkildə məhvi ilə məşğul olan şəxslər saxlanılıblar.
Həmin şəxslər - Nurəddin Səfərov, Mübariz Mayılov və Süleyman Mayılov qanunsuz əməllərinə rəsmi orqanlardan guya müvafiq icazə aldıqları bəhanəsi ilə haqq qazandırmaq istəsələr də, Su Nəqliyyatında Polis İdarəsində aparılan araşdırma zamanı onların yalan söylədikləri məlum olub. Araşdırmalar zamanı müəyyən edilib ki, onların heç birinin balıqovlama biletləri (lisenziyaları) belə olmayıb. Saxlanılarkən N.Səfərov, M.Mayılov və S.Mayılovdan ümumilikdə 10,5 kiloqrandan çox balıq, 2 qayıq, digər ov ləvazimatları, ikinci şəxsdən əlavə olaraq balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutulmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq, hər üç şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlər görüləcək.
İdarənin əməkdaşları tərəfindən xidməti ərazidə - sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda brakonyerliyə, adları “Qırmızı kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı reydlər davam etdirilir. Bununla yanaşı, qeyd olunan məkanlarda vaxtaşırı izahat, profilaktik tədbirlər də keçirilir, ovçuluqla məşğul olan vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri izah olunur, onlardan həmin qaydalara riayət etmələri tələb edilir.