İQTİSADİYYAT
Banklararası əməkdaşlıq üzrə Azərbaycan-Rusiya dəyirmi masası keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Rusiya Mərkəzi Bankının birgə təşkilatçılığı ilə banklararası əməkdaşlıq üzrə Azərbaycan-Rusiya dəyirmi masası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankı, hər iki ölkənin yerli banklarının və banklar assosiasiyasının nümayəndələri iştirak edib.
MBNP-dən AZƏRTAC-a bildirilib ki, görüşdə palatanın yarandığı dövrdən bank sektorunun dayanıqlılığının təmin olunması və sağlamlaşdırılması, həmçinin maliyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə geniş təqdimat keçirilərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası haqqında ətraflı məlumat verilib.
Ölkə əhalisinə dövlət dəstəyinin bariz nümunəsi kimi imzalanan və icra olunan fərmanın insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməsi ilə yanaşı, bankların maliyyə stabilliyinin bərpa edilməsində mühüm rol oynayacağı xüsusi olaraq vurğulanıb. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və bankların sağlamlaşdırılması istiqamətində atılan bu addım Rusiyanın bank sektoru nümayəndələrinin geniş marağına səbəb olub.
Görüşdə hər iki ölkənin maliyyə bazarları sahəsində baş verən son trendlər, Rusiyada maliyyə sabitliyinin saxlanması üçün Rusiya Mərkəzi Bankı tərəfindən atılan addımlar da müzakirə edilib. Görüş hər iki ölkənin bank sektorunun nümayəndələrini maraqlandıran suallar ətrafında qarşılıqlı müzakirələrlə davam edib.