CƏMİYYƏT
Baş Prokurorluq: Masallı Rayon Mərkəzi Xəstəxanası ilə bağlı istintaq hərəkətləri bu tibb müəssisəsinin fəaliyyətinə maneə törətmir
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin istintaqı ilə bağlı tibb müəssisəsində yaranan problemlərlə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub ki, bəzi kütləvi-informasiya vasitələrində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinin istintaqı ilə bağlı guya həmin tibb müəssisəsində xəstələrin müayinəsinin məhdudlaşdırıldığı və nəticədə rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlərin yarandığına dair informasiyalar yayılıb.
Bu cür həqiqətə uyğun olmayan məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkzib olunur.
Məlumatda bildirilib ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləmiş Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Cəlil Nəzərov yanvarın 23-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi ilə bağlı istintaqın aparılması davam etdirilir. İş üzrə prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri Masallı Rayon Mərkəzi Xəstəxanasının gündəlik fəaliyyətinə hər hansı bir maneə törətmir və müayinə prosedurlarına müdaxiləni tam istisna edir.
Cinayət işi üzrə vətəndaşların hüquqlarının bərpası istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.