CƏMİYYƏT
Baş Prokurorluq: Minatəmizləmə Agentliyinin əməkdaşının minaya düşməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da saat 11 radələrində partlamamış̧ silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonuna ezam olunmuş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin bölmə rəhbəri 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu minaya düşməsi nəticəsində sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası xəsarəti və çoxsaylı qəlpə yaraları alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış̧ keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.