ELM VƏ TƏHSİL
Basqalda təlim: Muzeylərdə ekskursiya işinin təşkili
Bakı, 9 fevral, AZƏRTAC
Mədəni irsin qorunması, təbliği və turizm infrastrukturunun inkişaf etdirilməsi ilə əlaqədar Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu və Basqal Qəsəbə Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “Muzeylərdə ekskursiya işinin təşkili” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Bildirilib ki, təlimin məqsədi muzey bələdçilərinin nəzəri və praktik biliklərini artırmaqdan ibarət olub. Təlimdə Basqal Mədəniyyət Evinin, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun, “Diri Baba Türbəsi” memarlıq abidəsinin əməkdaşları ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri də iştirak ediblər.
Təlimin aparıcısı – Tarix Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova elmi-kütləvi işin əsas hissəsini təşkil edən ekskursiyanın mövcud nöqsan və çatışmazlıqları, bələdçilərin nəzəri və praktik bilik səviyyəsi barədə ətraflı məlumat verib.
Sonra suallar cavablandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub.