İQTİSADİYYAT
Bayram günlərində sərnişin qatarlarına hər gün 10-15 əlavə vaqon qoşulacaqdır VİDEO
Bakı, 17 mart (AZƏRTAC). Novruz bayramı günlərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) müəssisə və stansiyaları fasiləsiz iş rejimində fəaliyyət göstərəcəkdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, sərnişinlər bayram günlərində dəmir yolundan istifadə etməyə daha çox üstünlük verirlər. Sərnişin daşımaları departamenti bunu nəzərə alaraq, sərnişin sıxlığının yaranmaması üçün martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcəkdir. Bundan əlavə, bayram günlərində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 əlavə vaqonun qoşulması təmin ediləcəkdir.
Xatırladaq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaq, əlavə vaqonlara bilet satışı isə həmin gün həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC, eyni zamanda, iş adamlarının nəzərinə çatdırır ki, bayram günlərində vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaqdır.