REGİONLAR
Bayram satış-yarmarkasında həm alıcılar, həm də satıcılar üçün əlverişli şərait yaradılmışdır
Bakı, 15 mart (AZƏRTAC, Nəriman Həsənov). Martın 15-də Xətai rayonunda təşkil olunmuş yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 450 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarmarkadakı nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılması diqqəti daha çox cəlb etmişdir. Bir neçə yerdə nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazarla müqayisəsi göstərilmişdir.
Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, süd, ət və digər kənd təsərrüfatı məhsulları satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır. Qiymət isə bazara nisbətən 20-30 faiz ucuzdur.
Kənd təsərrüfatı naziri Heydər Əsədov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov satış-yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışlar.
Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilmişdir. Artıq 8 ildir ki, təşkil olunan yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını daha dolğun ödəməkdir.
Nazir demişdir: Biz rəqabət şəraiti yaratdıq. Qiymət artımı müşahidə olunmur, əksinə qiymətlərdə azalmalar vardır. Bu da qarşımıza qoyulan ən mühüm tapşırıqlardan biridir. Biz yalnız alıcının deyil, həm də istehsalçının maraqlarını nəzərə alıb, optimal variant tapmalıyıq.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil olunmuşdur. Yarmarkalar martın 15-dən 20-dək davam edəcəkdir.