REGİONLAR
Bəhram Xəlilov: Bir çox ölkələr dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
Gəncə, 11 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan 250 nəfərdən çox bakalavr və magistrin iştirakı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov, Dövlət qulluğu məsələləri üzrə sektorun müdiri Kamil Baxşəliyev də iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətindən danışıb, mərkəzin bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib. Dövlət qulluğuna qəbulda Azərbaycan modelinin yaradıldığını qeyd edən B.Xəlilov modelin artıq beynəlxalq səviyyədə tanındığını, Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumlarının dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə olduqlarını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən iki təqdimat keçirilib.
Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov mərkəzin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə, Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin dövlət qulluğu məsələləri üzrə sektorunun müdiri Kamil Baxşəliyev isə dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında, karyerada inkişaf və digər məsələlər barədə məlumat verib.
DİM-in Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov dövlət qulluğuna müsahibə mərhələsinin Gəncə regional bölmə tərəfindən də keçirilməsi və statistikası haqqında iştirakçıları məlumatlandırıb.
Çıxış edən Aqrar Universitetin rektoru İbrahim Cəfərov 1-ci və 4-cü qruplar üzrə 500-dən yuxarı bal toplayaraq bu ali təhsil müəssisəsinin kənd təsərrüfatıyönümlü - torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.