DÜNYA
Belarus metallurgiya zavodu Türkiyə bazarını yüksək texnoloji məhsullarla təchiz edir
Minsk, 10 noyabr, AZƏRTAC
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus metallurgiya zavodu (BMZ) Türkiyənin tunc örtüklü bort məftilləri bazarına daxil olub.
Bu məhsulun ilk sınaq hissəsi yerli istehlakçılara 2015-ci ilin noyabrında çatdırılıb. Müvafiq sınaqlardan sonra daimi əsasda təchizat başlayıb.
Müəssisənin mətbuat katibi Aleksandr Olesik deyib: “Türkiyənin metallurgiya sahəsi yetərincə inkişaf edib. Buna görə də metal məmulatına tələbatın dünya səviyyəsində azaldığı indiki dövrdə bu bazara yaxşı “qiymət - keyfiyyət” nisbəti olan yüksək texnoloji məhsullarla girmək mümkündür”. Türkiyəyə ixrac edilən RML məftili də bu qəbildən məmulatdır. Bu məftildən avtomobil sənayesi, kömür hasilatı, maşınqayırma kompleksi və digər sahələrdə yüksək təzyiq qollarının armaturlanmasında istifadə olunur.
A.Olesik əlavə edib: “Biz polad metallokord, qaynaqsız borular və digər növ məhsullar da ixrac edirik. Bu il Türkiyəyə ixracatın ümumi həcmi 8,5 milyon dollar (təqribən 15,5 min ton) təşkil edib”.
Belarus metallurgiya zavodu (“BMK holdinqinin idarəedici şirkəti BMZ” ASC ) 1984-cü ildə təsis edilib. Müəssisə tökmə hissələr, fasonlu, sortluq və armatur prokatı, boru, metallokord, PML və digər məftil növlərinin istehsalında ixtisaslaşıb. İstehsal edilən məhsulun 80 faizindən çoxu ixrac edilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk