İDMAN
Belarusda dopinqə görə məsuliyyətin artırılması barədə fərman qüvvəyə minib
Bakı, 27 noyabr, AZƏRTAC
Belarusda yerli atletlərin, məşqçilərin və idman federasiyalarının dopinqdən istifadəyə görə məsuliyyəti sərtləşdirilib. Bu, ölkə Prezidenti Aleksanr Lukaşenkonun “İdmanda dopinqə qarşı mübarizə haqqında” fərmanında nəzərdə tutulub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, həmin fərman noyabrın 27-dən qüvvəyə minib.
Belarus Milli Antidopinq Agentliyinin (MADA) direktoru Denis Mujjuxin TASS agentliyinə müsahibəsində deyib: “Sənəddə federasiyaların və idmançıların barəsində tətbiq edilə biləcək kifayət qədər sərt normalar təsbit olunub. Lakin biz fərmanda təsbit olunmuş tədbirləri daha çox çəkindirici və profilaktik tədbirlər kimi nəzərdən keçiririk”.
Onun sözlərinə görə, bu fərman dopinqdən istifadənin qarşısının alınmasına çox kömək edəcək. Bu sözlər həm də dopinqdən istifadəyə və ya onun tətbiqinə meyilli olmağa görə cinayət məsuliyyətinin müəyyən edilməsi barədə Belarus Prezidentinin tapşırığına da aiddir. Bu cür məsuliyyət müəyyən edilməsi nəzərdə tutulan normativ aktların layihələri baxılmaq üçün hökumətə təqdim edilib.
D.Mujjuxin belə hesab edir ki, dopinqə qarşı mübarizə sahəsində yeni tədbirlər Belarus idman federasiyalarını bu problemlə hər gün məşğul olmağa məcbur edəcək. Onun sözlərinə görə, qaydaları pozan idmançıların idman karyerası dövründə aldıqları pul vəsaitlərinin və mükafatların geri qaytarılmasını nəzərdə tutan tədbir də çəkindirici amil olmalıdır.
“Dopinq problemi (Belarus üçün) ciddi problemdir, antidopinq qaydalarının pozulması hallarının beynəlxalq səviyyədə aşkar edilməsinə bizim münasibətimiz çox neqativdir”, - deyən Mujjuxin qeyd edib ki, son illərdə belaruslu idmançılar arasında dopinqdən istifadə statistikası azalmaqdadır. Agentliyin rəhbəri deyib: “Bu il aşkar edilmiş pozuntuların 99 faizi səhlənkarlıq, işçilərin diqqətsizliyi, idmançıların düzgün müalicə edilməməsi ilə bağlıdır. Lakin belə halların hər biri ölkənin siyasi imicinə mənfi təsir göstərir. Əgər bizdə bircə nəfər belə diskvalifikasiya edilmiş olsa, biz ən ciddi tədbirlər görəcəyik”.
Hazırda Milli Antidopinq Agentliyinin antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya edilmiş belaruslu idmançıalrın siyahısında 35 nəfərin soyadı var. Onlardan 3 nəfəri – Andrey Mixneviç (yüngül atletika, yadro), Andrey Vorontsov (yüngül atletika, gürz) və Yekaterina Şkuratova (ağır atletika) ömürlük diskvalifikasiya olunub.
Dopinqdən istifadə etməsi aşkar olunmuş belaruslu idmançılar özlərinin idmanda göstərdiyi nəticələrə görə aldıqları pul vəsaitlərini dövlət büdcəsinə qaytarılmalı olacaqlar. Onlar bunu könüllü şəkildə qaytarmasalar, məhkəmə qaydasında tədbirlər görüləcək. Bundan əlavə, idmançılar stimullaşdırıcı ödəniş məbləğlərini də qaytarmalı olacaqlar. Onların müvafiq idman nəticələrinə görə təqdim edildiyi dövlət təltiflərindən məhrum edilmələri nəzərdə tutulub.
Antidopinq qaydalarının sistematik surətdə və kobud şəkildə pozulmasına yol vermiş federasiyalar (ittifaqlar, assosiasiyalar) dövlət dəstəyi almaq, vergilərdən azad edilmək və xaricdən təmənnasız yardım almaq hüquqlarından məhrum edilə bilərlər. Onlar həm də iki ilə qədər federasiyaların reyestrindən xaric edilə bilər. Belə hallarda milli və yığma komandalar barəsində onların sayının və maliyyələşdirilməsinin azaldılması tədbirləri nəzərdə tutulub. Fərmana əsasən, qadağan olunmuş maddələrdən və metodlardan istifadə edilməsinə, habelə idmançıları antidopinq qaydalarını pozmağa sövq etməyə görə cinayət məsuliyyəti müəyyən edilməsi məsələsinin nəzərdən keçirilməsi tapşırılıb.