ELM VƏ TƏHSİL
“Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi reallaşdırılır
Bakı, 7 noyabr, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən icra olunan “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi Avropa təcrübəsinə uyğun olaraq, Bərdə Peşə Liseyinin maddi-texniki bazasının təkmilləşdirilməsi, onun idarəedilməsinin müasir standartlara uyğunlaşdırılması, kadr heyətinin potensialının artırılmasıdır.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlarda təhsil sahəsinin və onun tərkib hissəsi olan peşə təhsilinin mühüm yer tutduğunu bildirib, peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, reallaşdırılan beynəlxalq layihələr barədə geniş məlumat verib.
Nazir müavini “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas təqdim olunan layihənin Bərdə və ətraf rayonlarda peşə təhsilinin inkişafında mühüm rol oynayacağını söyləyiblər.
Layihənin təqdimatından sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Estoniyanın Peşə Təhsili və Təlimi Mərkəzinin nümayəndələri peşə təhsil sistemi, yeni kurikulumların tətbiqi, işəgötürənlərlə əlaqələrin qurulması, layihənin icra mexanizmi və regionda peşə təhsilinin inkişafı barədə məlumat veriblər.
Tədbir iştirakçıları Bərdə Peşə Liseyi ilə yaxından tanış olublar.