REGİONLAR
Bərdə rayon Mehdixanlı kənd sakinlərinə mədəni xidmət göstərilib
Bərdə, 7 iyul, AZƏRTAC
Bərdə rayon kənd mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Mehdixanlı kəndində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə “Zəhmətkeş əllər” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakinlərinin, mədəniyyət işçilərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə kitablardan, qədim əşyaların və yaradıcı insanların əl işlərindən, milli adət-ənənələrimizi özündə əks etdirən sənət nümunələrindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, şəhid ailələri, qazilər və kənd ziyalıları çıxış edərək əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi insanlarda yüksək əhval-ruhiyyə yaradır, onların mədəniyyət sahəsinə olan marağını daha da artırır. Eyni zamanda keçmişdən qalan milli irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunmasında və gənc nəslə çatdırılmasında müstəsna əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları mədəniyyət işçiləri tərəfindən hazırlanmış milli mətbəximizə aid təamların dadına baxıblar. Tədbirdə Həsənqaya kənd folklor evində fəaliyyət göstərən yaşlı nəslin nümayəndələrindən ibarət “Yallı” folklor rəqs qrupu bir-birindən maraqlı nömrələrlə çıxış edib, rəngarəng musiqi nömrələri təqdim olunub, yaradıcı gənclər və uşaqlar şeirlər söyləyiblər.
Sonda “Şuşa İli”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsində uğur qazanan Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdi Polad Salmanlıya və Divanlı kənd uşaq musiqi məktəbinin şagirdi Rəvan İbrahimliyə diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.