İQTİSADİYYAT
Bərpa olunan enerji mənbələri üzrə dövlət elektroenergetika və enerji təchizatı müəssisələrinin hüquq və vəzifələri hansılardır?
Bakı, 13 iyul, AZƏRTAC
Bərpa olunan enerji mənbələri üzrə dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilir ki, dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin aşağıdakı hüquqları var:
- texniki normativ hüquqi aktlara və elektrik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq elektrik stansiyalarının qoşulması və elektrik enerjisinin ölçülməsi sxemlərini təftiş etmək;
- qoşulmaya dair texniki tələblərin pozulduğu, elektrik enerjisi sistemində fövqəladə hallar baş verdiyi və ya fövqəladə halların başvermə təhlükəsi yarandığı hallarda elektrik stansiyalarını ayırmaq və ya elektrik enerjisinin istehsalının məhdudlaşdırılmasını tələb etmək;
- elektrik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq, istehsalçıdan istehsal həcmlərinə dair proqnozlar almaq;
- bu Qanunla müəyyən edilmiş digər hüquqlar.
Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin aşağıdakı vəzifələri var:
- elektrik stansiyalarını şəbəkədə ən yaxın və ən əlverişli nöqtəyə qoşmaq;
- bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisini şəbəkəsi vasitəsilə ötürmək və paylamaq;
- elektrik stansiyalarının qoşulması məqsədilə şəbəkəni müasirləşdirmək və genişləndirmək üçün tədbirlər görmək;
- bu Qanunla müəyyən edilmiş digər vəzifələr.