MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqında növbəti elmi konfrans Cəlal Abbasovun yaradıcılığına həsr edilib
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Cəlal Abbasovun 60 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqında reallaşan konfransda tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Cəlal Abbasovun yaradıcılığından söz açıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb.
Qeyd edilib ki, C.Abbasov Azərbaycanın görkəmli bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun ailəsində dünyaya göz açıb. 1975-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirən bəstəkar 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.
Vurğulanıb ki, C.Abbasov müxtəlif janrlarda bəstələnmiş və geniş kütlə arasında populyarlıq qazanmış bir çox musiqi əsərlərinin müəllifi kimi tanınır. Onun əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, İtaliya, Koreya Respublikası, Ukrayna, Türkiyə və digər ölkələrin aparıcı konsert salonlarında ifa edilərək böyük rəğbət qazanıb. 2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan C.Abbasov hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərir.
Bəstəkarın yaradıcılıq axtarışlarından və insani keyfiyyətlərindən söz açan F.Əlizadə ona gələcək həyatında uğurlar arzulayıb.
Sonra Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Cəlal Abbasovun yaradıcılığına bir nəzər” mövzusunda məruzə ilə çıxış edib. Konfransda “Cəlal Abbasovun vətənpərvərlik mövqeyi”, “Cəlal Abbasovun IV simfoniyasının musiqi dramaturgiyasının yeniliyi”, “Cəlal Abbasovun xor yaradıcılığında milli musiqi xüsusiyyətlərinin təzahürü”, “Cəlal Abbasovun xor üçün xalq mahnı işləmələrinin bəzi üslub xüsusiyyətləri” mövzularında məruzələr dinlənilib.
Tədbir C.Abbasov və bir sıra gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə başa çatıb.