ELM VƏ TƏHSİL
Beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə milli müsabiqənin II mərhələsi təşkil olunub
Bakı, 18 noyabr, AZƏRTAC
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə milli müsabiqənin II mərhələsi təşkil olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə ikinci mərhələyə keçid hüququ qazanmış 79 iştirakçı 1 saat ərzində aşpazlıq istiqaməti üzrə 30 test tapşırığını həll edib. Həmçinin namizədlər müsabiqəyə gələrkən hər biri əvvəlcədən hazırladığı bir yeməyin fotoşəklini təqdim edib. Təqdim olunan fotoşəkillərə və test nəticələrinə əsasən, ən yaxşı nəticə göstərən iştirakçılar III mərhələyə keçmək hüququ qazanacaq.
Növbəti mərhələdə iştirakçılar təqdim edilən inqrediyentlərdən istifadə etməklə bir salat və bir əsas yemək hazırlayacaq. IV mərhələdə isə uğur qazanan beş iştirakçı “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzində ödənişsiz əsaslarla təlim-təcrübə proqramına qoşulacaq və təcrübə proqramının sonunda, imtahanların nəticələrinə əsasən üç namizəd final mərhələsinə keçəcək.
Final mərhələsinin sonunda qalib iştirakçı “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzi tərəfindən “Diplom Proqramları” üçün təqaüd əldə edəcək. Eyni zamanda, Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanacaq.
Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Ümumilikdə V mərhələdən ibarət olan milli müsabiqəyə 168 şəxs qeydiyyatdan keçib.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.