ELM VƏ TƏHSİL
Beynəlxalq ekspert Azərbaycan Turizm və Menecment Universitetində olub


Bakı, 28 noyabr, AZƏRTAC
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” ali təhsil sahəsində potensialın gücləndirilməsi proqramının layihəsi olan “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən təcrübə müəssisələri pilot kursları” (“PICASP”) çərçivəsində Vilnüs Gediminas Texniki Universitetinin (Litva) professoru, Litva Tədqiqat Şurasının və Litva Elmlər Akademiyasının üzvü Artüras Kaklauskas Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, “PICASP” layihəsinin ATMU üzrə meneceri Faina Qaçabəyova və layihə komandasının üzvü Səidə Məmmədovanın iştirakı ilə keçirilən görüşdə layihənin icra mexanizminə, qarşıda duran vəzifələrə aydınlıq gətirilib. Görüşdə Vilnüs Gediminas Texniki Universitetinin bu sahədəki təcrübəsi müzakirə olunub.
Artüras Kaklauskasın ATMU-nun müəllim heyəti, layihə üzvləri və layihədə mədəni sənaye sahəsini təmsil edən mentorların birgə iştirakı ilə aparılan müzakirələrdə kütləvi açıq onlayn kursların yaradılması, təlimlərin təşkili, icrasını şərtləndirən ümumi istiqamətlərə yanaşma meyilləri müəyyən olunub.