ELM VƏ TƏHSİL
Beynəlxalq konqresdə Azərbaycan alimlərinin məruzələri dinlənilib
Bakı, 23 sentyabr, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunun direktoru, Azərbaycan Botanikləri Cəmiyyətinin sədri, akademik Validə Əlizadə, AMEA-nın professoru, biologiya üzrə elmlər doktoru Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktoru Kəmalə Əsədova İtaliya Botanika Cəmiyyətinin və İtaliya Bitkiçilik Biologiyası Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə iştirak ediblər.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, müasir biologiya elminin aktual problemlərinə həsr olunmuş konqresdə bitki sistematikası, taksonomiyası, fiziologiyası, biokimyası sahələrində müasir yanaşmalara dair təqdimatlar dinlənilib. Akademik V.Əlizadə “Azərbaycanın Quba və Qusar rayonlarının yabanı otlarının morfoloji və molekulyar identifikasiyası”, D.Ağayeva “Azərbaycanda Castanea sativaq qabığı göbələklərin molekulyar və morfoloji xarakteristikası”, K.Əsədova “Azərbaycanda Xəzər dənizinin sahil hissəsinin floral tərkibinin və bitki örtüyünün transformasiyası” mövzularında təqdimat ediblər.
Bununla yanaşı, akademik V.Əlizadə Padua Botanika Bağının direktoru Barbara Baldan ilə görüşüb. Görüş zamanı gələcəkdə mütəxəssislərin burada təcrübə keçməsinin mümkünlüyü müzakirə olunub. Həmçinin Milan Universitetinin professoru Sara Vitalini ilə dərman əhəmiyyətli bitkilərin biokimyəvi tərkibinin öyrənilməsi və alınan ekstraktların həyat keyfiyyətinə təsirini araşdırmaq üçün imkanlar barədə söhbət aparılıb.