ELM VƏ TƏHSİL
“Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dərsliyinin təqdimatı keçirilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq münasibətlər kafedrası tərəfindən hazırlanan “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dərsliyinin təqdimatı olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dərsliyin tələbələr və müəllimlər üçün əhəmiyyətli mənbə olduğunu deyib. Diqqətə çatdırılıb ki, beynəlxalq münasibətlər kafedrasının dosentləri Ləman Qarayeva, Şəhla Nuruzadə və Zümrüd Məlikovanın müəllifi olduqları dərslik elmi mənbələr əsasında və dövlətimizin təhsil siyasətinə uyğun tərtib edilib. Müəlliflər qədim dövrdə və orta əsrlərdə dövlətlər arasında beynəlxalq münasibətlərin özünəməxsusluqlarını ictimai həyatın digər tərəfləri ilə sıx əlaqəli olan, eyni zamanda, öz qanunlarına əsasən inkişaf edən xüsusi reallıq kimi göstərməyə çalışıblar. Dərsliyin bütün universitetlərin istifadəsi üçün nəzərdə tutulduğunu deyən R.Novruzov yüksək səviyyəli əsər ərsəyə gətirdiklərinə görə müəllifləri təbrik edib.
Z.Məlikova diqqətə çatdırıb ki, “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” nəşri dördcildlik kitabın birinci hissəsidir. Gələcəkdə bu dərsliyin üç cildinin də çap olunması nəzərdə tutulub. İyirmi üç fəsildən ibarət olan dərslikdə hər müəllifin yeddi mövzusu əksini tapıb.
L.Qarayeva bildirib ki, dərslikdə sistemləşdirilmiş proqram əsasında mühüm tarixi faktlardan ibarət şərhlər də yer alıb. Nəşrdə beynəlxalq münasibətlərin formalaşmasını və təkamülünü şərh edən L.Qarayeva vurğulayıb ki, dərslikdə tarixi, siyasi təhlillərdən də istifadə olunub. Kitab həm bakalavrlar, həm də magistrlər üçün əvəzsiz mənbədir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev və başqaları dərslik barədə müsbət fikirlərini bölüşüblər. Qeyd edilib ki, yüksək səviyyəli mütəxəssislər tərəfindən ərsəyə gələn bu nəşr siyasi elmlərin inkişafına mühüm töhfədir.