ELM VƏ TƏHSİL
Beynəlxalq simpoziumda Biofizika İnstitutunun əməkdaşının məruzəsi dinlənilib
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunun əməkdaşı, Ekoloji biofizika laboratoriyasının aparıcı elmi işçisi dosent Mürsəl Dadaşov Ukrayna Elmlər Akademiyası tərəfindən təşkil olunan “Paton elmi ənənələri müasir elmin qarşısında duran yeni çağırışların işığında” beynəlxalq simpoziumunda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə Mürsəl Dadaşovun “Cəmiyyətin inkişafının müasir mərhələsində elektromaqnit təhlükəsizliyi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi çıxışında elektromaqnit sahəsi, onun mənbələri, bioloji təsir faktorları və nəticələri haqqında ətraflı məlumat verib.
Beynəlxalq simpoziumda Ukrayna, Çin, Qazaxıstan, Belçika, Gürcüstan və digər ölkələrdən olan alimlərin mövzu ilə bağlı məruzələri dinlənilib, müzakirələr aparılıb.