ELM VƏ TƏHSİL
Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Şanlı Ordumuz qısa müddətdə həyata keçirdi
Bakı, 10 noyabr, AZƏRTAC
Qırx dörd gün davam edən Vətən müharibəsi, nəhayət ki, qələbə xəbəri ilə yekunlaşdı. 10 noyabr Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazıldı. Otuz il işğal altında qalan tarixi torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən qısa müddətdə azad edildi. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə həyata keçirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Kərəm Məmmədov söyləyib. O deyib: “Biz bir daha sübut etdik ki, qədim tarixi ənənəyə malik, torpağına və Vətəninə bağlı, öz torpaqlarının hər qarışı uğrunda şəhid olmağa hazır olan millətik. Xalqımızın birliyi sarsılmazdır. Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Vətənimizi mənfur düşməndən azad edə bildik.
Bu müharibədə şəhidlər verdik. Ruhları şad olsun. Üç rəngli bayrağımız tarixi torpaqlarımızda yenidən dalğalanır. Bizə bu qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq! Qələbə günün mübarək, Vətən! Qarabağ Azərbaycandır!”