İQTİSADİYYAT
Bibiheybət yolu sabah açılacaq
Bakı, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün işlər aparılır, yol asfaltlanır. Asfalt-beton örtüyünün döşənməsinin dekabrın 30-da gecə saatlarında yekunlaşdırılması, dekabrın 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur.
Dekabrın 31-i, günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.
Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa olunur, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin birinci rübündə yekun vurulması nəzərdə tutulub.