REGİONLAR


Biləsuvar rayonunun Xırmandalı kəndində içməli su layihəsinin icrasına başlanılıb

Bakı, 28 aprel, AZƏRTAC

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrdə içməli su layihələrinin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Biləsuvar rayonunun Xırmandalı kəndinin bir hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndi uzun illər içməli su çatışmazlığından əziyyət çəkib. Kəndin 10 minədək sakini içməli suya olan tələbatlarını daşıma yolu ilə və ya arx suyunu duruldub istifadə etməklə ödəyib.

Şirvan-Muğan qrup su kəmərindən Biləsuvar şəhərinə magistral su kəmərinin çəkilməsi bir sıra kəndlərin o cümlədən Biləsuvar rayonunun Xırmandalı kəndinin su təchizatı üçün imkanlar yaradıb. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2017-ci ildə Xırmandalı kəndinin müəyyən bir hissəsini əhatə edən içməli su layihəsi həyata keçirilib. Həmin layihə çərçivəsində kənddə 9,5 kilometr su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 52 ədəd bulaq quraşdırılıb. Bu layihə Xırmandalı kəndinin bir hissəsini əhatə edib və layihədən 4 minədək sakin faydalanıb.

Kəndin digər hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb. Daxili imkanlar hesabına icra olunan layihə çərçivəsində kənddə 13 kilometr uzunluğunda müxtəlif diametrli borularla su xətlərinin çəkilməsi nəzərdə tutulur. Yeni şəbəkənin əhatə etdiyi ərazidə əhalinin ümumi istifadəsi üçün 120 ədəd bulaq quraşdırılacaq.

Tikinti-quraşdırma işlərinin iyun ayında başa çatdırılması nəzərdə tutulur. Bununla da kəndin daha 6 min sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Biləsuvar rayonu ilə yanaşı, Hacıqabul, Saatlı, Tovuz, Abşeron rayonlarının kənd və qəsəbələrində, həmçinin Bakının Binəqədi, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında içməli su təchizatının yaxşılaşdırılması layihələri həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.