REGİONLAR
Biləsuvarlı fermerlər taxıl sahələrindən 40-45 sentner məhsul götürmək əzmindədirlər FOTO VİDEO
Biləsuvar, 12 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda taxılçılıq kənd təsərrüfatının aparıcı və ən vacib sahələrindən biridir. Rayonda bu ilin məhsulu üçün 33 min 300 hektar sahədə taxıl əkilib. Hazırda taxıl zəmilərində qızğın biçin işləri aparılır.
AZƏRTAC xəbər verir ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında, eləcə də heyvandarlıq təsərrüfatlarının yemə olan tələbatının ödənilməsində taxılçılıq mühüm rol oynayır. Taxılçılıq üçün əlverişli iqlim və torpaq şəraitinə malik olan Biləsuvarda 10 minə yaxın fermer tərəfindən 15 min 400 hektar buğda, 18 min hektara yaxın sahədə isə arpa əkilib. Sahələrə vaxtında aqrotexniki qulluq göstərildiyindən bol məhsul yetişib. Bunu biçinin gedişi də göstərir. Artıq arpa sahələrində biçin yekunlaşmaq üzrədir. Bu günədək tarlalardan 50 min tondan çox arpa tədarük olunub.
On hektar sahədə arpa əkən fermer Sarıoğlan Kərimov bitkiyə lazımi aqrotexniki qulluq göstərdiyindən bol məhsul yetişib. “Mütəxəssislər bizə aqrotexniki qaydalara əməl etməkdə kömək göstəriblər. Gübrələrimiz verilib, azotumuzu vaxtında almışıq və sahələri suvarmışıq. Sevinirik, sahələrdə bol məhsul var. Ötən il hər hektara 40 sentner məhsul götürmüşdüm, bu il hədəfimiz 45 sentnerdir”, - deyə o bildirib.
Digər fermer Pərviz Kərimov da məhsulun bol olduğunu deyir: “Beş hektar arpa sahəm var. Proqnozumuz hektardan 45-50 sentnerdir məhsul götürməkdir. Sahələrə düzgün qulluq etmək üçün Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi ilə sıx əlaqədə olmuşuq. Onların tövsiyələrini daim diqqətə almışıq. Qeyd etmək istəyirəm ki, son illər bu sahəyə dövlət dəstəyi yüksək səviyyədədir. “Fermer kartı”ndan, eləcə də subsidiyalardan istifadə edirik. Sağ olsun, dövlətimiz ki, bizə belə şərait yaradıblar”.
Kənd Təsərrüfatı Nazirliyinin tövsiyələrinə uyğun olaraq, növbəlilik prinsipi əsasında aparılan biçin prosesinə 80-ə yaxın kombayn cəlb olunub. Bunlardan 5 ədədi mülkiyyətçilərin lizinq yolu ilə aldığı ən müasir taxılbiçən kombaynlardı. Bu texnikalarla biçinin itki əmsalı sıfıra bərabərdir.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin əsas prinsipi fermerlərin yanında olmaqdır: “Biz fəaliyyətimizdə məhz bu prinsipi rəhbər tuturuq. Bunun nəticəsidir ki, bu gün fermerlərimiz taxıl əkinindən bol məhsul götürməyə nail olurlar. Fərdi şəkildə 50-60 sentner məhsul götürən fermerlərimiz də var. Lakin, ümumilikdə, rayon üzrə məhsuldarlıq təxminən arpa üzrə 35 sentner təşkil edir”.
Rayonda hazırda paralel olaraq buğda biçininə də start verilib. İndiyədək əldə olunan nəticələr belə deməyə əsas verir ki, bu il də taxılçılarımızın əməyi hədər getməyəcək.