ELM VƏ TƏHSİL
Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı maarifləndirici tədbirlər keçirəcək
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən keçiriləcək maarifləndirici tədbirlərin müzakirəsi olub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu qurumun lektorlar qrupunun üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova onun tədqiqat sahələrindən biri olan “Azərbaycan dövlətçilik tarixi” mövzusunda çıxış edib. Vurğulanıb ki, müasir müstəqil Azərbaycan 1918-ci ildə təşəkkül tapan və cəmi 23 ay yaşamasına rəğmən dövlətçiliyin özülünü qoyan cümhuriyyətimizin tarixi varisidir.
F.Əhmədova 1917-1918-ci illərdə Azərbaycanda yaranmış tarixi vəziyyətdən başlayaraq 1920-ci ilin aprelində ölkəmizin bolşevik Rusiyasının işğalına məruz qalmasınadək tarixi prosesi təsvir edib. O deyib: “1918-ci ildə Mudros müqaviləsinə əsasən Birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı dövləti öz qoşunlarını Cənubi Qafqazdan çıxarmaq məcburiyyətində qalır. 1918-ci il noyabrın 16-da artıq qalib ingilis qüvvələri müttəfiq qoşunların komandanlığı adı ilə Bakıya daxil olur. Azərbaycan milli qüvvələri ordularını Bakıdan çıxarmalı idi. Gələn ingilis qüvvələri, başda general Tomson olmaqla, Azərbaycan hökumətini tanımır, onu türklərin intriqasından yaranmış bir hakimiyyət hesab edir. O, Azərbaycan bayrağını bütün binalardan endirir və bu ərazini Rusiya dövlətinin bir parçası olaraq görür. Belə bir vəziyyətdə Azərbaycan hökuməti öz siyasətini ortaya qoyur. Belə ki, ingilislərlə əməkdaşlıq etməyə razılıq verilir, ABŞ prezidenti Vilsona onun prinsiplərindən çıxış edərək müraciət olunur, eyni zamanda, sivil və hüquqi dövlət qurmaq yönündə fəaliyyətə başlanılır. Hakimiyyətin legitimliyini təsdiqləmək üçün Azərbaycan Milli Şurası noyabrda yenidən bərpa edilir, noyabrın 20-də Azərbaycan parlamentinin açılması haqqında qanun qəbul olunur”.
Sonra AXC-nin 100 illiyi ilə əlaqədar keçiriləcək maarifləndirici tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Tarixçi alimlə keçirilən görüşdə bu il Bilik Fondu tərəfindən görüləcək işlərlə, təşkil ediləcək tədbirlərlə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun fəaliyyət planına AXC-nin 100 illiyi ilə bağlı forma və məzmun baxımından rəngarəng maarifləndirici tədbirlər – elmi seminarlar, “dəyirmi masa”lar, müzakirələr, təqdimatlar, bilik yarışmaları və elmi turlar daxil edilsin.