ELM VƏ TƏHSİL
Bilik Fondu ana dilinin saflığının qorunması ilə bağlı mühazirələri davam etdirir
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramına uyğun olaraq, İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədlinin “Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu” mövzusunda mühazirəsi təşkil edilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, A.Məmmədli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq Fərmanı xatırladıb, ana dilinin qorunmasında hər bir vətəndaşın məsuliyyət daşıdığını söyləyib. Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci 23 may tarixli Sərəncamını xatırladan alim dilimizi yad ünsürlərdən qorumağın, onu zənginləşdirməyin vacibliyini vurğulayıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov dilimizin saflığının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətdən danışıb.
Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Elçin Məmmədov təmsil etdiyi qurumun milli mənəvi dəyərlərin təbliği ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib.