ELM VƏ TƏHSİL
Bilik Fondunda “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı olub
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İmzalı görüş” layihəsi çərçivəsində “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı olub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunun təqdimat mərasimində fondun “Gənc jurnalistlər” klubunun, “Tariximizi öyrədək və öyrənək” gənclər klubunun üzvləri, “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecin tələbələri iştirak ediblər.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildirib ki, A.Qurbanovun bu əsərində Ermənistanın Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma “erməni soyqırım” tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur. İcraçı direktorun sözlərinə görə, kitab həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox əhəmiyyətli olduğundan xarici dillərə tərcümə edilməsi vacibdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunaraq əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistan və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəlmiş təhdidləri barədə məlumat verib, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini qeyd edib.
Sonra A.Qurbanov sualları cavablandırıb.
Tədbirin sonunda “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabı müəllifin imzası ilə tədbir iştirakçılarına paylanılıb.