ELM VƏ TƏHSİL
Bilik günündə 120 mühazirə təşkil edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də “İslam Həmrəyliyi İli” və Bilik günü münasibətilə Bilik Fondunun lektorlar qrupunun üzvləri olan tanınmış elm xadimləri, deputatlar və jurnalistlərin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil edilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan məlumat verilib.
Bilik Fondunun təşkilatçılığı, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə keçirilən tədbirlər “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusuna həsr olunub.
Mühazirələr ölkə üzrə ümumilikdə 120 idarə, müəssisə və təşkilatda, o cümlədən 15 ali məktəbdə, 34 orta ixtisas, 62 orta təhsil müəssisəsində, bundan başqa, 6 Bilik evində, Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində, Binəqədi Gənclər Evində, İvanovka Mədəniyyət Evində təşkil olunub. Ölkəmizin müxtəlif bölgələrini əhatə edən tədbirlərə 111 mühazirəçi, o cümlədən 9 deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 institutundan 22 alim və tədqiqatçı, 9 ali məktəbin 14 müəllimi, DQİDK-nın əməkdaşları, tanınmış jurnalistlər cəlb olunublar. Auditoriyalar və sinif otaqlarında AMEA-nın 5 həqiqi və müxbir üzvü, 14 professor və elmlər doktoru, 24 dosent və fəlsəfə doktoru tədris ilinin ilk günündə gənclərlə görüşüb. Bununla yanaşı, ilk dəfə Bilik Fondunun 51 yerli nümayəndəsi bölgə məktəblərində maarifləndirici görüşlər keçirib.
Akademiklərdən Möhsün Nağısoylu Qusarda, Teymur Kərimli Nardaranda, Misir Mərdanov İsmayıllıda, Şahin Mustafayev Bakıda, professorlardan Əyyub Kərimov Şəkidə, Əlikram Abdullayev Sumqayıtda, Elçin Əhmədov Şuşa və Xankəndi məktəblərində, Milli Məclisin deputatlarından Musa Qasımlı Masallıda, Jalə Əliyeva Ucar və Zərdabda, Pərvin Kərimzadə Gəncədə, Qüdrət Həsənquliyev Bakıda, tanınmış jurnalistlər Vüqar Rəhimzadə və Rəşad Məcid isə Bakıda məktəblilər, tələbələr və yerli sakinlərlə keçirdikləri görüşlərində İslam həmrəyliyi ideyası, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər. Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının tələblərinə uyğun olaraq keçirilən tədbirlərin mahiyyətindən danışan qonaqlar dini radikalizmə və ekstremizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolunu diqqətə çatdırıblar.
Görüşlərdə ulu öndər Heydər Əliyevin İslam həmrəyliyi ideyasının banisi olduğu tarixi faktlar əsasında vurğulanıb. Bildirilib ki, Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi dövrdə daim dindarların problemləri ilə maraqlanıb, dövlət-din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində böyük işlər görüb, xarici siyasətdə İslam amilinə xüsusi önəm verib. Natiqlər Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışının ulu öndər Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı olduğunu söyləyiblər.
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm təşkilini xatırladan mühazirəçilər bildiriblər ki, müxtəlif sivilizasiyaları idman yarışları ətrafında birləşdirilməsi nəticəsində “Gücümüz həmrəylikdədir” devizi altında təşkil olunan bu tədbir dünyanın, xüsusən də İslam ölkələrinin böyük rəğbətinə səbəb olub. Xarici qonaqlar ölkəmizdən dostluq, həmrəylik mesajları ilə ayrılıblar.
Tədbir iştirakçıları mühazirələri yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.