SİYASƏT
Binəqədi ikinci seçki dairəsi üzrə qeydiyyatda olan 80-100 yaş arası 546 seçici səs verəcək
Bakı, 1 noyabr, AZƏRTAC
Doqquz saylı Binəqədi ikinci seçki dairəsi 37 seçki məntəqəsini əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb.
Dairə Seçki Komissiyasının sədri Həsən Bayramov AZƏRTAC-a bildirib ki, səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılıb və fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak edib.
Qeydiyyata alınmış 48 min 154 seçicinin 898 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Dairədə yaşı 80-100 olan 546 seçici var. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.
Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib, səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera işləyir. Həmçinin 28 məntəqədə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.
Səhər saatları olmasına baxmayaraq, seçicilərin fəallığı müşahidə olunur. Səsvermənin başlanmasından bir neçə saat keçib və artıq seçicilərin bir hissəsi istədikləri namizədə səs verib. Məntəqələrdə seçkinin bütün prosedurlarına riayət olunur. İndiyədək dairəyə hər hansı qanun pozuntusu ilə əlaqədar müraciət daxil olmayıb.